“8 martdan zəhləm gedir…”

loading...

Kişilərin yarızarafat-yarıgerçək skeptik yanaşdığı 8 mart gəldi…

“Qadın” sözü ilə assosiasiya olunan bu təqvimə cürbəcür lətifələr qoşulur. Səbəbsiz deyil…

Çox vaxt hədiyyənin qarşı tərəfə necə sevinc bəxş etməsini görəndən sonra yarızarafat-yarıgerçək yaranan merkantillik unudulur.

“Qadınlar ən gözəl hədiyyələrə layiqdir” kimi sözlər bayağılaşıb.

Bunu sözdə yox, əməldə göstərmək lazımdı.

İsbat üçün hədiyyə almağa gərək yoxdu.

“Yaxşı və pis gündə bərabər olmaq” nədir, onu bilməlidi qadın…

***

Xeyli vaxt əvvəl şəhərin mərkəzində kədərli bir hadisənin şahidi oldum. Yeniyetmə oğlan əlində bir qom qızılgül tutub ötüb-keçənə təklif edirdi. Uzun saplaqlı, qan qırmızısı qızılgülləri qarşıdan gələn 50-55 yaşlı kişiyə uzatdı:

-Bir ədədi 5 manata-qızılgüllərdən qalmadı! Al, dayı, əntiqə güllərdi.

Kişi ayaq saxladı. Əlini saldı cibinə. Gülsatan ümidlə gözlədi. Elə bildi ki bayaqdan özünə yük elədiyi güllərdən heç olmasa, bir neçəsini sata biləcək. Kişi təəssüflə başını buladı:

-Rəhmətliyin oğlu, 5 manata evə iki gün çörək alaram.

Bu yerdə Nazim Hikməti xatırladım:

“Ben, bir demet mor menekşe olsun getiremedim sana! Ne haltedek, dostların karnı açtı kıydık menekşe parasına!”

O vaxtdan zəhləm getdi 8 martdan…

***

Yazmaya bilmirəm: ötən gün həyat yoldaşı bacımı mağazaya aparıb ki, özümə telefon alıram, birlikdə seçək. Mağazada məlum olub ki, o, telefonu özünə yox, bacıma alır 8 marta görə. Yeznə nə illah eləyibsə, xeyri olmayıb: Evə əliboş dönüblər…

Səbəbini soruşduqda bacım dedi ki, məktəbə və bağçaya gedən iki uşağa nə qədər xərc çəkirlər. Üstəlik, yemək-içməkləri, əyin-başları. Ona təzə telefon yox, balalarının qarnının tox olması, qazanının hər gün qaynaması lazımdı…

***

Ərinin, sevgilisinin maddi gücünün yetmədiyini bildiyi halda həsrətlə hədiyyə gözləyən qadınları anlamaqda çətinlik çəkirəm.

O kişinin yerində təsəvvür etsinlər özlərini…

Adamı gücü çatmayan işin qulpundan yapışmağa vadar etməsinlər.

Alanlara baxıb köks ötürməkdənsə, almayanlara baxıb həmrəylik nümayiş etdirsələr daha yaxşı və effektiv olar…

Müəllif: Xuraman Hüseynzadə

Mənbə: Qafqazinfo.az

loading...
SHARE
Şərh yaz