Bakıda birotaqlı evin təmiri neçəyədir?

loading...

Yəqin ki, hər kəs evinin gözəl görünməsini istəyir. Bu, çox zaman insanın estetik zövqündən irəli gəlsə də, “qapımdan içəri girən nə fikirləşər?” düşüncəsinin payı da az deyil. Təsəvvürdəki ideala bir qədər yaxınlaşdırmaq üçün, təbii ki, evi təmir etmək, “abıra salmaq” lazımdır. Lakin bu gün paytaxtda əhalinin əksər hissəsi evin təmirinin olduqca baha olmasından şikayətlənir. Məsələn, həmsöhbətim Xədicə Xəlilova ikiotaqlı mənzili təmir edərkən gözlədiyindən çox pul xərclədiyini bildirdi.

“Evi alarkən təmiri yaxşı deyildi. Biz də fikirləşdik ki, ən azından evin bir az görünüşünü dəyişmək lazımdır. Lakin gəc işi və divar kağızlarının vurulması hesabladığımdan xeyli baha oldu. Bu səbəbdən evi istədiyim kimi təmir edə bilmədim”, – deyə 32 yaşlı evdar xanım şikayətləndi.

Məlum məsələdir ki, yeni tikilmiş binalarda evlər adətən təmirsiz olur. Bu cür evlərin pəncərə və qapısından başqa, heç nəyi olmur. Ev sahibləri də evi “sıfır”dan başlayaraq təmir etməli olurlar. Bəs görəsən, birotaqlı evin təmiri Bakı sakinlərinə neçəyə başa gəlir? Bu suala cavab tapmaq üçün Bakının təmir-tikinti malları satılan mağazalarına yollandıq.

Tavansız ev olmaz

İlk baxışdan qiymətlərə nəzər yetirəndə onların əlverişli olduğunu düşünürsən. Lakin müəyyən hesablamalar etdikdən sonra hər şeyin əksinə olduğunu görürsən.

Məlum olduğu kimi, evin təmiri ilk olaraq onun tavanından başlanır, daha dəqiq – onun çatlarının örtülməsindən və boyanmasından. Bu gün ən çox dəbdə olan alçipan tavanlarıdır. Alçipan – tavanın gips-kartonla üzlənməsidir. Alçipanla tavanın 1 kvadrat metrinin üzlənməsi 6 manatadır. 10 kq boyanın qiyməti 20 manat dəyərindədir. Əgər siz boyanın aldığınız yerdəcə qarışdırılıb verilməsini istəyirsinizsə, bu halda sizdən 8 manat da əlavə tələb edəcəklər.  Bildiyiniz kimi, boya tavana bir neçə lay vurulur.

Asma tavanın vurulmasının qiyməti də eynidir – 1 kvadrat metri 6 manata. Bu cür tavanla iş görən ustalar adətən bir günə 35 manat tələb edirlər. Bu qiymət adətən şirkətlər tərəfindən təklif olunur. Ancaq indi çoxları özəl ustalara üstünlük verirlər. Onlar isə işi uzadaraq iki dəfə artıq pul tələb edirlər.

Bəziləri mətbəx və eyvanların tavanlarını lambirdən edirlər. Bu, lambirin həm davamlı, həm də ucuz olması ilə bağlıdır. Tavana 1 kvadrat metr lambirin vurulması 6 manatdır.

Təmir üzrə mütəxəssislərin hesablamarına görə, birotaqlı mənzilin tavanının vurulması (təbii ki, buraya mətbəx də daxildir) materiallara və ustanın haqqına sərf olunan xərclər daxil olmaqla təxminən 1200 manata başa gəlir.

İtalyan, alman, yoxsa Bakı istehsalı?

Tavanımız “hazır”, keçək divarlara. Bu gün divarların boyanması dəbdə deyil. Lakin istənilən halda onlar düz və hamar olmalıdırlar. Divarların kələ-kötürlüyünü aradan qaldırmaq üçün onları malalamaq lazımdır. Mala vuran ustalar 1 kvadrat  metr üçün 15 manat tələb edirlər.

Mala üçün materialın bir kiloqramı 50 qəpikdir. Satıcılar deyirlər ki, ən sərfəlisi 40 kq-lıq materialdır. Çünki 40 kq-lığın qiyməti 6 manatdır.

Divarların “geyim”inə gəlincə, satıcı Rüstəm Məmmədov, əsasən, vinildən olan və parça divar kağızlarının satıldığını deyir:

“Parçadan olan divar kağızları vinildən daha bahadır. Lakin buna baxmayaraq, ən çox satılan da məhz parça divar kağızlarıdır. Parça divar kağızının bir rulonu 70 manatadır. Təbii ki, bundan bahalıları da var. Vinili isə 25 manata da almaq olar. Sadəcə, parça divar kağızları daha yaxşı görünür, həm də keyfiyyət baxımından daha yaxşıdır”.

1 kv.m divar kağızının vurulması 5 manatdan başlayır. Qeyd edək ki, dəbdə olan divar kağızları alman və italyan istehsalıdır. Onların qiyməti növlərinə görə dəyişir. Lakin istifadəçilər bilməlidirlər ki, bu cür divar kağızlarını hər usta vura bilməz. Çünki olduqca zərifdirlər.

Tikinti mağazalarının özlərinin kataloqları da var. Bu kataloq vasitəsi ilə istənilən firmanın mağazada olmayan divar kağızını sifariş etmək mümkündür.

Hər bir dərdin dərmanı – lambir?..

Yuxarıda sadaladıqlarımız baha olduğundan bu gün alıcıların əksəriyyəti lambirə üstünlük verirlər.

Mağazada evinin təmiri üçün alış-verilş edən Fərid Sadıqov divar və tavanın təmiri üçün lambir alırdı. Bunun səbəbini o bu cür izah etdi:

“Lambir daha ucuz başa gəlir. Həm sərf edir, həm də keyfiyyət baxımından çox yaxşıdır. Mən aldığım lambirin qiyməti 12 manatdır. Kimin gücü nəyə çatırsa, onu edir. Mənim də pulum lambirə çatır”.

Qeyd edək ki, lambirlərin də müxtəlif növləri var: italyan, alman və Bakı istehsalı lambiri.

Döşəməlimi, döşəməməlimi?

Birotaqlı evin döşəməsinin parketlə örtülməsi və sonradan laklanması təxminən 1200 manatdır. Döşəmənin təmirində işlənilən materiallardan biri də laminatdır. Laminatın qiyməti isə 15 manatdan başlayır.

Ən çox istifadə edilən materiallardan biri də kafel, metlaxdır. Satıcıların sözlərinə görə, ən çox üstünlük dekorativ kafellərə verilir. Dekorativ kafelin hər kvadrat metrinin qiyməti 15 manatdan başlayır. Adi kafel 10, metlax 12 manatadır. Bunların vurulmasının kvadrat metri 8 manatdır.

Ev ustası deyillər, fənd ustasıdırlar!

Satıcı Rüstəm Məmmədov deyir ki, ustaların əksəriyyəti ev sahiblərinə psixoloji təsir edirlər.

“Çox vaxt görürsən ki, ev sahibi şikayətlənirlər ki, usta işi yarımçıq qoyub gedib. Əslində, ustalar bunu bilərəkdən edirlər ki, qiyməti bir az da qaldırsınlar. Bu gün ev sahibləri firmalara müraciət etməkdə haqlıdırlar. Çünki təmirlə məşğul olan firmalar çalışırlar ki, işlərini tez bir zamanda təhvil versinlər. Həm də qiymətlər standartdır”, – R.Məmmədov bildirdi.

“Ah, Evropa… Ah, Evropaaa…”

Mütəxəssislərin sözlərinə görə, təmirin bir neçə növü olsa da, bu gün üstünlüyü avrotəmirə və kosmetik təmirə verirlər. Ən çox pul aparan isə əsaslı təmirdir. Kosmetik təmirə parketin cilalanması və laklanması, divar kağızlarının vurulması, qapı və pəncərələrin rənglənməsi daxildir. Avrotəmir kosmetik təmirdən fərqli olaraq, çox bahadır. Əsaslı təmiri adətən yeni evlərdə aparırlar. Çünki əsaslı təmir zamanı, demək olar ki, “sıfır”dan başlayırsan. Bu isə olduqca bahadır.

Elektrik və santexnika işləri isə materiallarla birgə minimum 500 manat tələb edir. Evdə qapı və pəncərələri təmir edənlərin də xərci az deyil. Qapı və pəncərə satılan mağazalarda qiymətlər müxtəlifdir. Taxtadan hazırlanmış qapıların 1 kvadrat metri 80 manatdan başlayır. Qapını quraşdırmaq isə təxminən 50 manata başa gəlir.

Santexnika işləri bir qədər ucuzdur. Misal üçün, su qızdırıcısının quraşdırılması 30 manatadır. Bu, həmçinin qaz sobasının quraşdırılmasına və su borularının çəkilməsinə də aiddir. Su qızdırıcısının qiyməti orta hesabla 150, qaz sobası isə 130 manatadır.

Təmir istəyirsən, banka get

Bu gün ev sahiblərinin əksəriyyəti evlərinin səliqəli görünməsini istəsələr də, təmir üçün lazım olan pulu tapmaqda çətinlik çəkirlər. Bəziləri bu problemin həllini banklar tərəfindən təmir kreditinin verilməsində görürlər.

Banklara zəng edib “təmir krediti”nin məbləği ilə maraqlandıq. Verilən məlumata görə, banklar yeni tikili evlərə 25 min manat, adi evlərə isə 15 min manat kredit verirlər. Fərdi yaşayış evlərində isə bu məbləğ 30 min manat dəyərindədir.

Ekspertlərin hesablamalarına görə, birotaqlı evin təmiri minimum 9 min manata başa gəlir. Lakin unutmaq lazım deyil ki, hər şey ev sahiblərinin zövqlərindən və pul kisələrindən asılıdır.

loading...
Şərh yaz