loading...

Ötən həftə telekanalların birinə açıqlama verən gənc ifaçı Günay İbrahimli bu yay müğənnilərin dinləyicilərə təqdim etdikləri mahnıları bəyənmədiyini qeyd etmişdi. O bildirmişdi ki, bu yay heç bir mahnı hit olmayıb, müğənnilərimiz ifa etdikləri mahnıları “tutuzdura” bilməyiblər: “Bu yay bir tamaşaçı kimi partlayan mahnı görmədim. Demet Akalın, Gülşən, Edisin mahnıları bu yay hit oldu. Mən qalmaqal axtarmıram, ona görə də ad çəkmirəm. Olanları deyirəm”.

Amma həmkarları ifaçının fikirləri ilə razılaşmadıqlarını bildirdilər. Onlar sosial şəbəkədə öz iradlarını bildirərək əslində onun yanıldığını qeyd etdilər. Fikrindən dönməyən Günay İbrahimli isə hər kəsin qənaətinə hörmət etdiyini, ancaq düşüncələrinin dəyişmədiyini bildirdi.

“Kaspi” qəzeti də dinləyicilər arasında yüngülvari sorğu aparıb. Kimisi yerli mahnıları dinləmədiyini, kimisi də konkret ad çəkə bilməyəcəyini dedi. Beləliklə də, bu yay hər kəsin sevərək dinlədiyi mahnıları sıralamaq bir qədər çətin oldu…

Bəs görəsən, mütəxəssislər bu haqda nə düşünür? Bu yay hansı mahnılar hitə çevrilib və ya doğurdanmı bu yay hitə çevrilən mahnılarımız olmadı?

Hit olmaq üçün efirə çıxmaq lazımdır

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə ölkəmiz bu yay “Bakı-2015” Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün musiqinin bir qədər geridə qaldığını, hər kəsin başının məhz Oyunlara qarışdığını bildirdi: “Hesab edirəm ki, bu yay vətəndaşlarımız daha çox xarici musiqiləri dinləyib. Mən deyə bilmərəm ki, bu mövsüm hansısa bir mahnı böyük hitə çevrilib. Bu mövsüm hitə çevrilmiş hansısa bir mahnı dinləməmişəm. Son zamanlar kimsə mənə yaxınlaşıb deməyib ki, “Bu mahnı çox gözəldir, görəsən mahnının müəllifi kimdir?”. Xarici şou-biznesdən isə dinlədiklərim çox olub. Hazırda ekzotik mahnılar daha çox dəbdədir. Əslində bugünkü ifaçıların zövqü tamam başqa cürdür. Hit olmaq üçün efirə çıxmaq lazımdır. Ancaq efir də hər ifaçını qəbul etmir. Televiziyaların nəyi reklam etdiyini də gözəl bilirik. Mən şikayət etmək istəmirəm. Bəlkə də gözəl mahnılarımız var, ancaq onlar tamaşaçılara çox az təqdim olunur. Efir bizə nəyi çox eşitdirirsə, biz də onu dinləyib həmin mahnıya fikir bildiririk. Bu gün Azərbaycanda yaxşı estrada nümunələri var. Ancaq məsələ burasındadır ki, onları təqdim etmək üçün imkan və şərait yoxdur. Mənim özümlə işbirliyi quran istedadlı, gözəl səsə malik gənclərimiz var. Onlar oxumaq, ölkəmizi xaricdə təmsil etmək istədiklərini deyirlər. Həmin gənclərin gözəl musiqi duyumları var. Amma onların imkan və şəraiti olmadığı üçün mahnıları dinlənilmir”.

Bir-birinizin işini görməzdən gəlmək heç də yaxşı deyil

İfaçılığa yeni başlayan aparıcı, bəstəkar Murad Arif isə mövzu ilə bağlı bizimlə söhbətində həmkarlarının bir-birilərinin işini göməzdən gəlməsini heç də doğru hesab etmədiyini bildirdi: “Hesab etmirəm ki, bu yay hit mahnı olmayıb. Elə mənim ifamda səslənən “İnşallah” mahnısı ən çox sevilən mahnılar siyahısında yer aldı. Bundan başqa Miri Yusifin “Ağ təyyarə”, Aygün Kazımovanın “Bir parça keks” mahnıları yayın hit mahnıları oldu. Buradan həmkarlarıma səslənirəm ki, bir-birinizin işini görməzdən gəlmək heç də yaxşı iş deyil”.

M.Arif şou aləminin ümumi gedişatında bir qədər durğunluq müşahidə etdiyini də vurğuladı: “Bu gün şou aləmində durğunluq nəzər çarpsa da, işləyən ifaçılarımız da az deyil. Onları da görmək lazımdır. Ümumi götürdükdə isə, doğrudur, şou-biznesdə durğunluq var. Ancaq ara-sıra yaxşı mahnılar da ifa olunur. Yəni, hər mövsümün hitə çevrilmiş mahnısı var. Yayın sonlarına yaxın Günay İbrahimlinin özünün “Sevgi budur” mahnısı diqqət çəkdi. Bu günlərdə açıq havada keçirilən bir tədbirdə idim. Həmin konsertdə 600 nəfər qonağın 500-ü mənimlə birlikdə “İnşallah” mahnısını oxuyurdu. Əgər insanlar o mahnını mənimlə bərabər oxuyurlarsa, bunun özü hit olmağın göstəricisidir. Ən çox həmin mahnıya tələbat varsa, deməli mahnı hitdir”.

Hit mahnılarımız az deyil

Şair-publisist Əkbər Qoşalı isə bizimlə söhbətində xalq artisti Brilliant Dadaşovanın ifasında “De ki” mahnısını ilin hiti hesab etdi: “Bu mövsümün sevilən mahnılarından olan “De ki”-nin musiqisi Aygün Səmədzadəyə, sözləri Xanım İsmayılqızıya aiddir. Etiraf edirəm ki, mahnının sözlərindən daha çox musiqisi və ifası mənim xoşuma gəldi. Bundan başqa, Xumar Qədimovanın ifasında səslənən, sözləri Sona xanım Vəliyevaya aid olan “Əl-ələ tut gedək” mahnısını çox bəyəndim. Demək olar ki, yayda ən çox dinlədiyim mahnılar sırasında yer aldı”.

Ə.Qoşalı hesab edir ki, özümüzə görə hit mahnılarımız az deyil: “Bəzi radiolar, televiziyalar, internet portalları top-onluqlar müəyyənləşdirirlər. Hansı ki, orada səsvermə yolu ilə ən çox dinlənilən mahnılar yer alır. Böyük ölkələrin məkanı, coğrafiyası elədir ki, hitə çevrilmək sözün bütün mənalarında özünü doğruldur. Onların geniş auditoriyaya müraciət etmək imkanları var. Bizdə o məkan bir qədər məhduddur. Amma mənəvi cəhətdən bizim məkanımız onlardan daha böyükdür. Ümidvaram ki, gələcəkdə bizim ortaq türk televiziyaları və Azərbaycanın qazandığı yeni informasiya, kommunikasiya texnologiyaları vasitəsi ilə bizim o məkanımız da böyüyəcək. Mən bunu musiqi biznesini bacaran insanların özü ilə əlaqələndirirəm. Yəni bizdəki mövcud imkanlara görə bu, təbii haldır”.

Biz isə hesab edirik ki, mahnı hit olmaq üçün çox dinlənilməklə yanaşı, həm də ən çox bəyənilən və könüllərə yol tapan olmalıdır.

loading...
Şərh yaz