Əjdaha ili nələr vəd edir?

Əjdaha ili

Doğum ili: 1940,1952,1964,1976,1988,2000,2012

Nücum elmi yarandığı dövrdən müasir zəmanəyə qədər bütün mənbələrdə ilin hakimi olan heyvanın həmin ildə doğulanlara daha düşərli olacağı vurğulanıb. Bu amili nəzərə alsaq , deməli, 2012-ci ildə Əjdahaların bəxti hamıdan çox gətirəcək. Lakin mənalı yaşayış üçün bəxt heç də hər vaxt rol oynamır. Buna görə ağıl, uzaqgörənlik, əzmkarlıq, davranış və münasibətlər də kompleks təşkil etməlidır.

Elə isə gəlin görək, Əjdahalar bundan nə dərəcədə istifadə edə biləcəklər?

Əvvəla, qeyd edək ki, qarşıladığımız il bəhs etdiyimiz adamların şəxsi taleyində dönüş ili kimi yadda qalacaq. Yaradıcılıq potensialının genişlənməsi, yeni və səmərəli planların gercəkləşməsi onların fəaliyyətinə müsbət çalarlar gətirəcək. Əjdaha 2012-ci ildə başa düşəcək ki, maraqlı həyat təkcə biznes uğurlarından yox, həm də sevgidən ibarətdir.

Yeri gəlmişkən, bildirək ki, ilin son üç ayı istisna olmaqla onlar üçün bu il ailə qurmaq olduqca düşərli olacaq. Əgər Əjdaha öz ilində taleyindən şikayət edirsə, bağışlanmaz bir günah işlətmiş olar. Çünki onlar 2012-ci ildə heç nədən korluq çəkməyəcək, başqalarına nisbətən daha şanslı olacaqlar. Bu adamlar yeni iş yerləri aramayacaq, köhnə yerlərindəki fəaliyyəti davam etdirməklə kifayətlənəcəklər. Əjdaha hər yerdə onların müdafiəsinə qalxacaq.

Yeni ildə Pələng və At ilindən olanlar bu şəxslərə rəqib olacaqlar.

Pişik (Dovşan)

Doğum ili: 1939,1951,1963,1975,1987,1999


Bəri başdan qeyd etmək yerinə düşər ki, “Pişiklər” yeni ili ötən ilə bənzər tərzdə başa vuracaqlar. Ciddi və böyük işlər, konflikt dolu situasiyalar, perspektivli müqavilələr onlardan yan qaçmayacaq. Həmişə cücə və quşları quyruğundan ovlayan “Məstan”lar 2012-ci ildə çoxsaylı tələlərdən ehtiyatlılıq nümayiş etdirməlidirlər. Astroloji taleyinə Pişik düşən hər kəs bu il hansısa müvəffəqiyyətə yetişmək istəyirsə, yalnız işləməli, öz “dövran”indakından (2011) daha çox çalışmalıdır. Hesablamalara görə, haqqında danışdığımız adamlar mart ayına qədər ötən ildən qalmış işlərini tamamlamaqla məşğul olacaqlar. Apreldən iyuna qədərsə inamsız yanaşdığı dostları tərəfindən böyük dəstək alacaq, xeyli irəliləyişlərə müvəffəq olacaqlar.

Yeri gəlmişkən bildirək ki, 2012-ci ildə ailə qurmaq üçün ən şanslı nümayəndələrdən biri də məhz “Pişik” olacaq. Hətta özləri istəməsələr belə, “məhəbbət gəmisinə” “bilet” alacaqlar. Onlar payızda elm və mədəniyyət sahəsində daha böyük nailiyətlərə yetişəcəklər.

Bütün göstəricilər bu adamlarda səhhətlə bağlı müəyyən və uzunmüddətli fəsadların baş qaldıracağını proqnozlaşdırsa da, bu, ağır nəticələrə səbəb olmayacaq.
“Pişik”lər üçün ən neqativ hal arzuolunmaz və radikal düşmənlərin meydana gəlməsi ola bilər. Bu təhlükəni dəf etmək üçün onlara kənardan kimsə köməklik göstərməyəcək. İlin sonlarına yaxın yeni əlaqələr nəticəsində “Pişik”lərin əksəriyyəti Əjdahadan qurtulmalarına sevinəcəklər.

Onların ciddi rəqibi it və Siçovul olacaq.

İlan ili

Doğum ili: 1941,1953,1965,1977,1989,2001

İlin hakimi olan Əjdaha ilə İlanların genetik oxşarlıqları kifayət qədərdir. Bəzən hətta Əjdahanın rəsmdə ilanabənzər tərzdə təsvir edildiyini də yəqin ki, görmüsünüz. Deməli “qohum” olan bu heyvanlar bir-birini başa düşəcək, bir-birinə güzəştə gedəcəklər. Amma “İlan”lar üçün 2012-ci il sınaqlarla da zəngin keçəcək. İlk növbədə onların həyata və insanlara inamsızlığı minimuma enəcək, öz-özlərindən xoflanma halları xeyli azalacaq. Əgər onlar prosesləri obyektiv qiymətləndirməsələr, il boyu psixoloji sarsıntılarla baş-başa qalacaqlar.

İlan ilində doğulanlar əvvəlki Əjdaha ilindən (2000) bu vaxta qədər davam edən 12 illik müddətdə buraxdıqları səhvləri bir daha təkrarlamayacaqlar. Onlar bu istiqamətdə ilin ilk və son üç ayında çoxsaylı əziyyətlərə qatlaşmalı olacaqlar. Əlbəttə ki, bu zəhmət hədər getməyəcək. Evlənmək 2012-ci ildə belələrinə nə qədər düşərli olsa da, peşə fəaliyyətində bir o qədər passivliklə müşahidə olunacaq. Belə ki, yay və payız aylarında onların işsiz qalacağı və ya qənaətbəxş iş yeri tapa bilməyəcəkləri proqnozlaşdırılır.

Astroloji göstəricilərə görə, həyatın nəbzini tutmaq üçün daima “sürünməyə” məcbur olan “İlan”lar payızdan etibarən “dikələcəklər”. Ailə həyatının formalaşmasında, fəaliyyətlə bağlı uğurlara yiyələnməkdə, münasibətlərə aydınlıq gətirməkdə böyük işlər görəcəklər.

“İlan”lar il ərzində özlərini daha çox İt və Qaban ilində doğulanlardan qorumalıdırlar.

At ili

Doğum ili 1942,1954,1966,1978,1990,2002

Daima qürurlu görkəmləri ilə seçilən bu adamlar Əjdahanın nərilti və od-alovundan qorxmayacaqlar. Çünki Əjdaha ilə döyüşə gedən bütün qəhrəmanların yol yoldaşı məhz at olur. Bu qismə aid edilən şəxslər üçün 2012-ci il nisbətən müəmmalı tərzdə sonuclanacaq. Belə ki, biznesdə və yaradıcılıqda böhran, eləcə də münasibətlərin aydınlaşdırılmaması il boyu onları narahat edə bilər. Bundan başqa Göy qübbəsi tövsiyə edir ki, “At”lar öz sağlamlıqlarının qeydinə maksimum qalmalıdırlar. Əks təqdirdə Əjdaha ili onların taleyində ən uğursuz il kimi yadda qalacaq.

Təxminən iyun ayına qədər öhdəliyə götürdükləri vəzifələri tam yerinə yetirə bilməsələr, bu adamlar sonrakı yarım ildə heç bir müvəffəqiyyətə qovuşa bilməyəcəklər. Ailəsində və ya dost-yoldaşları arasında “At” olanların nəzərinə çatdırırq ki, il boyu belələrini ruhlandırmalı, lazımı məqamlarda köməkliklərini əsirgəməməlidirlər. Yalnız bu halda haqqında danışdığımız şəxslər xəta-bəlalardan sovuşa bilərlər. Astroloji göstəricilər məsləhət görür ki, At ilində doğulan adamların bəxti yalnız bir halda gətirə bilər: hazırda yaşadıqları yerdən uzaqlaşsalar, yeni iş yerləri və tanışlar tapsalar.

Evlilik üçün qarşıda uğurlu il dursa da, çox qəribədir ki, bütün göstəricilər bu şəxslərin təşəbbüskar olmayacağını, yalnız kənar məsləhətlərlə ailə quracaqlarını bəyan edir. Bir də diqqətə çatdıraq ki, aralarında 1976-cı il təvəllüdlü subay insanlar varsa, onlar üçün evlənmək çox çətin olacaq. Olsa-olsa mart-iyun aralığı normaldır.

Barəsində danışdığımız adamlar il ərzində özlərini Qabandan və Siçovuldan qorumalıdırlar.

Keçi (Qoyun) ili

Doğum ili: 1943,1955,1967,1979,1991,2003

İlk öncə bildirək ki, olduqca gərgin şəkildə yola saldıqları Pişik ilinə nisbətən bu il “Keçi”lərin rahat və qayğısız günləri kifayət qədər olacaq. Bir şərtlə ki, özündənrazılıq və lovğalıq kimi neqativ xüsusiyyətlərdən əl çəksinlər. Köməksizlərə əl tutmaq, mənzil problemlərini həll etmək, iş yerini dəyişməmək il ərzində onların əsas prinsiplərindən olmalıdır. Əks tədqirdə nəzərdə tutulan perspektivlərə yetişməkdə böyük maneələrlə rastlaşacaqlar.

Təyinatlara görə, 2012-ci il, haqqında danışdığımız şəxslərin yaddaşında uzun zaman xoş məqamlar kimi yaşanacaq. Onlar məsuliyyətlə yanaşdıqları hər bir işin müsbət nəticəsini görəcəklər. Ələlxüsus da yaydan payıza keçən dövr və dekabr “Keçilərin taleyinə qızıl hərflərlə yazıla bilər.

Ulduzlar məsləhət görür ki, bu adamlar üçün ilin birinci yarısında ailə qurmaq düşərli olmayacaq. Yaxşı olar ki, xeyir iş üçün Ramazandan sonrakı aylar seçilsin. Əgər onlar əzmkarlıqdan uzaq olsalar, iş- siz qalsalar, təcrübəli şəxslərin məsləhətlərini qulaqardına vursalar, il boyu özlərini çıxılmaz vəziyyətdə hiss edəcək, dərmana möhtac xəstəyə bənzəyəcəklər. Ən təhlükəli amillərdən biri də budur ki, yaz aylarında əsəbləri pozulan “Keçi”lər cinayət törədə və hətta türməyə də düşə bilərlər. Belə məqamlarda səbr və təmkin lazım gələcək. Təbii ki, bütün bunlar proqnozlaşdırılmış nəticələrdir və onu dəyişmək üçün tövsiyələrimizi də veririk. Düşünürük ki, ədalətə söykənmək və imanlı olmaqla hər şeyin müsbətə çevriləcəyini təmin etmək olar.

2012-ci ildə bu adamların ən ciddi rəqibləri İlan və Pişik olacaq.

Meymun ili

Doğum ili: 1944,1956,1968,1980,1992,2004

Daima təbəssüm bəxş etməkdən zövq alan, öz cəldliyinə görə Əjdahadan çəkinməyən “Meymun” il boyu özünü romantik bir aləmdə hiss edəcək. Yaradıcılıq uğurları, perspektivli planlar, dost-tanışların artması, səyahətlər və məhşurlaşmaq yolunda atılan çoxsaylı addımlar onların sevincinə səbəb olacaq. Hətta 2012-ci ildə “Meymun”lar ağıllarına gətirmədikləri “mən xoşbəxtəm” ifadəsini də işlədə bilərlər. Bu adamlar yeni karyera, təzə iş yeri və əsl məhəbbət tapmaqla çoxlarının qibtəsinə səbəb olacaqlar.

Onların yeganə narahatçılığı maliyyə-bank işləri ilə əlaqədər ola bilər. Hətta bədxahlar tərəfindən aldadılmaqla əməlli-başlı müflisləşə də bilərlər. Bütün bunlarla yanaşı, bəzi xoşagəlməzliklər də istisna olunmur. Belə ki, ilin ilk üç ayında bu adamların karyerasında, eləcə də sağlamlığında üzüntülü anlar bərqərar olacaq. Gözlənilməz və gərgin olaylar, proseslərdə ahəngin qəfil pozulması istər ailə həyatında, istərsə də iş prinsiplərində “Meymun”ları əsəbi vəziyyətdə saxlaya bilər.

Bu səbəbdən də həddindən ziyadə təmkinli olmaq, mürəkkəb görüşlərdə ayıq-sayıqlığı artırmaq, qeybət və intriqalardan təcrid olunmaq, bələd olmadıqları adamlarla münasibətləri pozmaq onların üzərinə düşən əsas vəzifə olmalıdır. ilin ilk yarısını nəzərə almasaq, bu il onlar hər hansı sağlamlıq problemi yaşamayacaqlar. Əsası isə odur ki, 2012-ci il “Meymun”ların daha çox dirçəliş və xoşbəxtlik ili olacaq.

Haqqında danışdığımız şəxslər Xoruz və Pələng ilində doğulanlardan ehtiyatlanmalıdırlar.

Xoruz ili

Doğum ili: 1945,1957,1969,1981,1993,2005

Həmişə əziyyət çəkib əvəzində tənə və narazılıq eşidən bu adamlar 2012-ci ildə tamamilə fərqli situasiyalarla qarşılaşacaqlar. Əjdahanın elə ilk addımlarındaca iştirakçısı olduqları proseslərin qənaətbəxş gedişi onların ürəyindən olacaq. Bu nikbinlikdən belə qənaətə gələcəklər ki, ilin sonuna qədər eyni vəziyyət təkrar olunacaq. Lakin bəzi məqamlarda ehtiyatı əldən verməmək də lazım gələcək.

Hər yerdə öz qürurlu görkəmləri ilə diqqət mərkəzində duran “Xoruz”lar ötən dövrlərlə müqayisədə bu il xəstəliklərdən o qədər də əziyyət çəkməyəcəklər. Yalnız yay aylarında təngnəfəslik və qanda laxtalanma halları müəyyən problemlər yarada bilər. Əjdaha onlara öz ailəsinə qarşı diqqətli olmağı təlqin edəcək. Bu isə nəticə etibarilə onların qohum-əqrabaları arasında hörmətinin artmasına səbəb olacaq.

Yaradıcılıq uğurlarına əvvəlki dövrlərə nisbətən daha çox yiyələnən “Xoruz”lar il boyu bir an da boş dayanmayacaqlar. Nəticədə isə həddən ziyadə yorulacaq, iş prinsiplərində konkretləşdirmə aparacaqlar. ilin ikinci yarısından etibarən çoxsaylı dostlar qazanan bu şəxslərin düşmənləri də az olmayacaq. Lakin mübarizə aparmaq onlara xeyir verməyəcək. Əksinə, Əjdaha barış üçün bu adamlara gözəl şərait yaradacaq. Ulduzlar əzmkar “Xoruz”ları payızda əməlli-başlı məhşurlaşdıracaq. Maliyyə və biznes sahəsində də xeyli uğurlar gözlənilir.

İl ərzində “Xoruz”lar daha çox Siçovul və Pələngdən qorunmalıdır.

İt ili

Doğum ili 1946,1958,1970,1962,1994,2006

Ədalət simvolu kimi qəbul olunan “it” 2012-ci ilə böyük ümüdlə yanaşacaq. Lakin ilin ilk üç ayı onlar üçün ağır sınaqlarla – şəxsi problemlər və biznes uğursuzluqları ilə müşahidə olunacaq. Yalnız mart ayının sonlarından bu adamlar öz məqsədlərinə uyğun tərzdə addımlayacaqlar. Yaz və yay ayları “İtlərin ən uğurlu dövrü olacaq. Məhşurlaşmaqda, nüfuz sahibi olmaqda, eləcə də yüksək imic qazanmaqda Əjdahanın dəstəyini duyacaqlar. Onlar vəzifəyə getməsələr belə, öz peşələrində populyarlaşacaqlar. Həyatın nəbzini asanlıqla tutan, bərkə-boşa düşməkdə bərkiyən “İt”lər 2012- ci ildə dostu düşməndən ayıracaq və xeyirli işlərilə ötən 6 ili kölgədə qoyacaqlar.

Astroloji qənaətlərə görə, qarşılamaqda olduğumuz il bu adamların səhhətində çoxsaylı problemlər yarada bilər. Bu yönümdə onlar daha çox infeksion xəstəliklərdən əziyyət çəkə bilərlər. Bunun qarşısını almaq üçün lazımdır ki, yanvarın ikinci yarısından marta qədər həkim nəzarətində olsunlar.

Ümumiyyətlə, Əjdaha ili “itlərin şəxsi həyatında həmişə müstəsna və tarixi bir rol oynayır. Bunun üçün ötən iki dövrü xatırlamağa dəyər: 1988, 2000. Bu qismə aid olunanların ailə qurması əvvəlki illərlə müqayisədə minimum faiz təşkil etsə də, ürəyində sədaqət olan belələri sevginin böyüklüyünü duyacaq, ondan zövq almağa çalışacaqlar. Bir sözlə, Əjdaha “İt”i çox dəyişəcək. İlin sonunda onlar artıq gözləmədikləri bir zirvədə dayanacaqlar. Bu, bəhs etdiyimiz şəxslərin şöhrət zirvəsi olacaq.

Dünya dağılmasa, “İt’lər il ərzində Xoruz və Pişiklə cəngdə olacaqlar.

Qaban ili

Doğum ili: 1947,1959,1971,1983,1995,2007

Astroloji subordinasiyaya görə sonuncu yeri tutan “Qaban” digərlərindən fərqli olaraq 2012-ci ili olduqca sakit və qalmaqalsız başa vuracaq. Müntəzəm surətdə ünsiyyətdə olduqları adamların əksəriyyətindən taleyin hökmü ilə ayrılmalı olan bu şəxslər yeni dostlar, layiqli tərəfdaşlar qazanacaqlar. Daima ailə həyatında narahat duyğular yaşayan “Qaban”lar nəhayət ki, bu istiqamətdə harmoniklik əldə edib xeyli sevinəcəklər. Əvvəlki illərdən fərqli olaraq Əjdahanın himayəsində ətrafda baş verən münaqişələr və haqsızlıqlar onların karyera və iş prinsipinə mane olmayacaq.

Əgər bəhs etdiyimiz adamlar aprel ayinin ikinci ongünlüyünə qədər rastlaşdıqları maneələri dəf etsələr, sonrakı ərəfədə uğur və müvəffəqiyyətli günlərin sayı daha da artacaq. Əjdaha “Qaban”lardan hədəfi düzgün seçməyi, ən gərgin situasiyalarda kompromisə getməyi tövsiyə edir. Bütün bunlar reallaşdığı halda, onlar ilin ikinci yarısını daha xoşbəxt başa vuracaqlar.

Bu adamlar il ərzində çoxsaylı debütlər edəcək, həmkarlarına nümunə olacaqlar. Lakin təkbaşına fəaliyyət, tənhalığa qapılmaq, keçmişdə olan qəmli xatirələrə dalmaq, sağlamlıqla bağlı problemlərə laqeyd yanaşmaq və qisasçılıq həvəsinə düşmək onları məhv edə bilər. Hər halda, Qaban üçün 2012-ci il ən yaddaqalan tarix olmalıdır.

Əjdaha və ilan il ərzində “Qaban”ın ən təhlükəli rəqibləri olacaq.

Siçan ili

Doğum ili: 1936,1948,1960,1972,1984,1996,2008

Yeraltı aləmin ən zəhmli sakinlərindən olan bu məxluqun himayəsində dünyaya gələnlər 2012-ci ildə əhəmiyyətli dərəcədə dəyişəcəklər. Bu qismə aid olunanlar əgər meylləri olsa, istənilən işin öhdəsindən bacarıqla gələcəklər. Həmişə “Sicovul”ların məşhurlaşmasını əngəlləyən Əjdaha onların varlanmasına mane ola bilməyəcək. Odur ki, haqqında danışdığımız adamlar şəxsi büdcələrini artırmaq şansı qazanacaqlar.

Ümumiyyətlə, bu il onların böyük əksəriyyəti zərərli işlərdən uzaq olacaq, ictimaiyyətin qəbul edəcəyi addımlar atacaqlar. Adətən Əjdahanın gəlişi “Sicovul”lara zərər vermir. Əlbəttdə ki, əgər onlar öz enerjilərini işə, sevgiyə və ehtiyac sahiblərinə sərf etməsələr, hər şey tərsinə cərəyan edəcək. Lakin inanmaq olmaz ki, zirzəmi sakinləri neqativ hərəkətlərə yol verəcəklər. Bununla yanaşı, bəhs etdiyimiz şəxslər tərəf müabillərinə qarşı diqqətli olmaqla bu ili sakitlik içində də başa vura bilərlər. Amma bir amili də unutmaq olmaz ki, rəngi və yaşayış yeri qara olan “Sicovul”lar ilin məhs qara rəngdə olmasından mənfəət götürəcəklər. Onların arasında səadətə qovuşan, yüksək vəzifələrə qalxan, özünə ev-eşik düzəldənlər çox olacaq. Bir sözlə, 2012-ci il bu adamların yaddaşında əbədiyyətə dönən bir tarixə çevriləcək.

Barəsində danışdığımız adamlar yeni ildə özlərini Xoruz və At ilin- də doğulanlardan qorumalıdırlar.

Öküz ili

Doğum ili: 1937,1949,1961,1973,1985,1997,2009

İnsanlar üçün gecə-gündüz xış çəkən Öküz göylərdə süzən Əjdahanın o qədər də xoşuna gəlməyəcək. İlin hakimi olan bu ağzıodlu varlıq, dəridən-qabıqdan çıxacaq ki, bu buynuzlunu öz tərəfinə çəksin. Lakin bu mümkün olmayacaq. İdeya və məqsədlərinə bağlı olan zəhmli “Öküz”lər bütün günlərini işə sərf edəcək, günbəgün zirvələrə yetişəcəklər. Onlar rastlaşdıqları çətinlikləri təkbaşına dəf etmək fikrinə düşməməli, mütləq öz müttəfiqlərindən dəstək almalıdırlar. Bəzi məqamlarda tənhalığa qapılıb iş-gücünə ara verən belələri az qala hamıdan təcrid olunacaqlar. Lakin romantik duyğulardan uzaq olan “Öküz”lər bu vəziyyətdə uzun müddət qala bilməyəcəklər. Pişik ilinə nisbətən Əjdaha ilində onlar ictimai həyatda, xüsusən də siyasi proseslərdə müəyyən qədər passiv olacaqlar.

Astroloji göstəricilər xəbərdarlıq edir ki, 2012-ci ildə öhdəliyə götürdükləri bütün vəzifələri ilin sonuna qədər yekunlaşdırmalıdırlar. Əgər hansısa taleyüklü işləri yarımçıq qalsa, sonrakı ildə onlar bunu davam etdirə bilməyəcəklər. Əjdaha bu adamların peşə və karyerasına kifayət qədər mane olsa da, onlar öz əzmkarlıqları sayəsində bu problemləri həll edə bilərlər. Xüsusən də ilin ikinci yarısında onlar özlərində güc tapıb diçələcəklər. Qısası, ümumi mənzərə belədir ki, il boyu Öküzlə Əjdaha bir-birlərini nəinki başa düşməyəcəklər, habelə bir-birinə hədsiz kin bəsləyəcəklər.

İl ərzində Öküz özünü daha çox Əjdaha və İlan ilində doğulanlardan qorumalıdırlar.

Pələng ili

Doğum ili: 1938,1950,1962,1974,1986,1998,2010

Şərq astroloji təqviminə görə, Əjdaha Göy qübbəsinin, Pələng isə Yerin enerjidaşıyıcısıdır. Ona görə də birincilərin dövranı gələndə torpaqda da hakimlik etmək iddasına düşürlər. Buna razı olmayan “Pələng”lər isə nəticədə il boyu onlarla cəng meydanında döyüşməli olurlar. Odur ki, bəhs etdiyimiz şəxslər 2012-ci ildə siyasi gedişlər etməli, taktikalarını tez-tez dəyişməli, gah hücum, gah da müdafiə mövqeyi seçməlidirlər. Belə məqamlarda xırda bir səhv onların yaxın adamlarla, eləcə də köhnə və gərəkli müttəfiqlərlə münasibətlərini korlaya bilər.

“Pələng”lər geri çəkilməyə adət etmədiklərindən il ərzində məğlubiyyətdən daha çox uğurlara nail olacaqlar. Bir yerdə qərar tutmayan bu adamlar bir necə dəfə iş yerini dəyişmək məcburiyyətində qalacaqlar. Onlar məqsədlərinə çatmaq üçün risk edəcək, bütün bunların müqabilində isə rahatlıq tapacaqlar. Əsas enerjilərini yaradıcı amillərə yönəldən bu yırtıcı ilin ikinci yarısından etibarən yeni müttəfiq və dostlar hesabına şəxsi talelərində mühüm dönüş yaradacaqlar.

Payızda onların karyerası pik nöqtəyə çatacaq. Bununla yanaşı rəqibləri də çoxalacaq. Amma daxili gücləri hesabına bu kimi neqativliklərin qarşısını almağı bacaracaqlar. Evliliyə namizəd olan “Pələng”lər Ramazandan dərhal sonra istəklərini reallaşdırmalıdırlar.

Pələng il boyu Qaban və Meymundan ehtiyat etməlidir

Səbuhi Rəhimli

loading...