loading...

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, hazırda insanlar arasında yayılan soyuqdəymə əlamətləri qripə bənzəsə də, bu, qrip deyil: “Hazırda yayılan virus qrip deyil. Çünki qrip yayılan zaman Ümumdünya Səhiyyə Təşkilatının raportu olur. Yuxarı tənəffüs yollarının epidemiyasına gəlincə, bu qrip əlamətləri – öskürək, qızdırma, yuxarı tənəffüs yollarının katarı ilə keçir. Bu da soyuqdəymə xəstəlikləri adlanır. Sovet dövründə bu cür xəstəlikləri kəskin respirator xəstəlikləri adı altında birləşdirirdilər və sahə həkimləri də xəstələrə diaqnoz qoyurdular ki, bu cür hallarda kəskin respirator diaqnozu ilə onlara bülleten verirdi. Yəni əslində yuxarı tənəffüs yollarında parazitlik edən çoxlu mikroorqanizmlər var. Bunlar adi halda, soyuqdəymədə, immun sisteminin zəifləməsində baş qaldırır və iltihabi proseslər törədir. Həm də artıq fəallaşmış bu mikroblar yoluxucu olur. Yəni birindən digərinə keçərək onda da bu halları törədə bilir. Qış boyu qrip adlandırdığımız, əksər hallarda bu cür bir-birinə yoluxan soyuqdəymə xəstəlikləri bundan ibarətdir”.

A.Qeybulla hazırda əksəriyyət insanın əziyyət çəkdiyi soyuqdəymədən necə qorunmaq lazım olduğunu da bildirdi. Professor insanların ilk öncə yeməyə və geyimə diqqət etmələrinin vacibliyini vurğuladı:

“İnsanlar hava dəyişikliyini nəzərə alaraq yeməklərinə və geyimlərinə diqqət etməlidirlər.

Bəzən görürük ki, gün çıxır və nazik geyinirik. Bu da soyuqdəymə və toxumaların immunitetinin zəifləməsi, həmin mikrobların oradakı fəallaşmasına və toxumaların baryer funksiyasını pozaraq xəstəlik törətməsinə gətirib çıxarır. Hesab edirəm ki, vitaminlərlə zəngin qidaların qəbulu, qış vaxtı adekvat geyinmək, uzun müddət soyuqda qalmamaqla soyuqdəymədən mümkün qədər qorumaq və onun qarşısını almaq olar. Həmçinin artıq soyuqdəyməyə yoluxmuş şəxslərlə təmasda olmaqdan da qaçmaq lazımdır. Bunun üçün qoruyucu maskalardan istifadə etmək lazımdır.

Artıq soyuqdəyməyə yoluxan şəxsləri də yaxşı olar ki, işlədiyi yerdən müalicə alana qədər azad etsinlər. Çünki bu şəxslər yataq rejimində daha tez sağala bilərlər. Soyuqdəyməyə yoluxan şəxslər ev şəraitində çoxlu maye qəbul etməli, mürəbbəli çay içməlidirlər. Xalq təbabətinin də imkanlarından istifadə etmək olar. Həkim müalicəsi də olmalıdır. Həkim müalicəsi isə orqanizmi möhkəmləndirən vitaminlərdən ibarətdir”.

loading...
SHARE
Şərh yaz