İradə İbrahimovaya Cem Yılmazdan sürpriz xəbər – VİDEO

loading...

Müğənni İradə İbrahimovanın repertuarından düşməyən və musiqisi Vaqif Gərayzadəyə aid olan “Neyləyək, alınmadı” mahnısı Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazın bu günlərdə nümayişə çıxarılan “Ali Baba və 7 Cücələr” filmində səslənib.

Müğənni bu barədə filmin nümayişindən sonra xəbər tutub:

“Film noyabrın 13-də nümayişə çıxarıldı. Bu barədə bizə filmi izləyən və ailəmizə yaxın insanlar məlumat verdi. Filmdə Cem Yılmaz mahnını özü zümzümə edib. İnternetdə filmdən hələ ki, yalnız kiçik bir fraqment olduğu üçün həmin hissəni izləyə bilməmişəm”.

Xatırladaq ki, ötən il İradə İbrahimova Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən şəklini sosial şəbəkədə paylaşmışdı.

Müğənni qeyd etmişdi ki, hər üç sənətçi onu görən kimi “Neyləyək, alınmadı” mahnısını oxumağa başlayıb.

“Məndən nə zamansa İstanbulda konsert versəm, onları dəvət etməyimi xahiş etdilər. Bu mahnını uzun illər əvvəl oxumuşam. Amma bu mahnının Türkiyənin üç tanınmış simasının yadında qalması məni çox sevindirdi. Mahnının müəllifi Vaqif Gərayzadəyə sonsuz təşəkkürlər” – deyə İradə xanım şəkli paylaşarkən bildirmişdi.

Cem Yılmazın məşhur mahnını sözügedən filmdə paylaşmağının bu səbəbdən təsadüfi olmadığı qənaətinə gəlmək olar.

Qeyd edək ki, Cem Yılmaz “Ali Baba və 7 Cücələr”in həm ssenari müəllifi, həm rejissorudur. Komediya aktyoru filmdə baş rolu canlandırıb.

Cəvahir // Publika.az

loading...
Şərh yaz