Mənim həyat hekayəm

loading...

Onu ilk dəfə universitetdə gördüm… 1-ci kursun 2 ci rübü idi…

Auditoriyanın qapısı açıldı. Bir cavan oğlan içəri girdi. Müəllimimiz olduğunu, bizə dərs deyəcəyini söylədi.  Bir-bir hamımızla tanış oldu. Hərəmiz özümüz haqda danışdıq…

Həmin dönəmdə atam mənim başqası ilə ailə qurmağımı istəyirdi, elçilər gəlib gedirdi. Amma  atamın məsləhət gördüyü adamı sevmirdim, ayağımı yerə vururdumki ona getməyəcəyəm.  Amma elçilər hələdə  gəlib gedirdi.

Müəllimin mənə baxışlarından, məni dərs danışmağa qaldıranda özünü itirməyindən, həyəcanlanmağından mənə qarşı hisslərini duyurdum sanki. Lakin özümü elə aparırdım ki, guya başa düşmürəm.

Dərs ilinin sonunda müəllimin dərs dediyi fənndən  imtahanı oldu bizə. İmtahandan 1 həftə qabaq  bizim qrupa vacib bir söz deyəcəyini demişdi.  Onu da deyim ki, bütün qrup qızlarının ondan xoşu gəlirdi. Harada görsələr soruşurdular “Müəllim bizə nə deyəcəkdiniz?” O isə hər dəfəsində “Hamınız bir yerdə olanda deyərəm” deyirdi. Mən isə heç vaxt demirdim. Sanki içimdə 1 hiss həmin sözün məhz mənə aid olacağını deyirdi.

İmtahandan 1 gün qabaq konsultasiya-imtahana hazırlıq məqsədilə bu müəllim bizi çağırmışdı. Mən isə yolum uzaq olduğu  üçün getməmişdim. Qızlar həmin gün də müəllimə bizə deyəcək sözü deməsini israr edibmişlər.  Lakin o:  “1 qız gəlməyib, oda gəlsin sonra deyəcəm”.

Nəhayət imtahan günü… Hamımız yığılmışıq auditoruyanın qarşısındakı dəhlizə… Müəllim  bizə yaxınlaşdı. “Gəlin o sözü birinizə deyim, biriniz də hamınıza deyər”  dedi. Qızlar “OK müəllim” dedilər. Müəllim isə üzünü mənə tutub  “Gəl sənə deyim, sən də qızlara deyərsən ” dedi. Mən utanaraq yaxınlaşdım. “ Buyurun , müəllim” dedim. Müəllimin əlində kağız vardı. Həyəcandan əlindəki kağızı o qədər burmuşdu ki… Mən isə özümdən biixtiyar olaraq əsirdim. Sanki sevgi etirafını hiss etmişdim. “Sizin qrupa  ilk girən gündən gözüm səni  tutub, mən səni sevirəm. Haqqında hər şeyi də bilirəm. Atan səni sevmədiyin birinə vermək istəyir.  Amma sən onu sevmirsən. Sevmədiyin biri ilə ailə qurmağa məcbur deyilsən” dedi.

Mən çaşıb qalmışdım. Həm qorxu, həm həyəcan… “Müəllim…” dedim. Müəllim: “ Heç nə demə, cavab verməyə tələsmə. Bir az düşün. Mən səni çox bəyənirəm”

Mən nə deyəcəyimi bilmirdim. İmtahana girdik. O imtahanı suallarına nə cavab yazdım heç özümdə bilmədim. Əslində mən onun hərəkətlərindən hiss edirdim. Məsələn, qrup şəklində icazə alırdıq, o heç vaxt icazə vermirdi. Mənə ümumiyyətlə icazə verməzdi. Dərslər bağlandı. Tətilə çıxdıq. Ev nömrəmizi  öyrənmişdi, evə zəng vururdu. Etiraf edimki bu mənim də xoşuma gəlirdi. Həmin ərəfədə fikrimi , qərarımı dəqiqləşdirib atama məni istəyən elçilərə “Yox” deməsini xahiş etdim.

Yeni dərs ili başladı, o məni dərsdən metro ilə evə ötürürdü, səhərlər isə metroda gözləyirdi, universitetə bir gəlirdik. Hər kəs bildi, universitet müəllimləri, tələbələr- hər kəs müəllim ilə tələbənin sevgisindən danışırdı. Tənəffüslərdə görüşürdük. Zəngin vurulmasını səbirsizliklə gözləyirdik ikimizdə…

2-ci kursda oxuyanda müəllimin ailəsi bizə elçi gəldi. “Həri” oldu. 4-cü kursda nişanlandıq. Bakalavrı bitirib magistraturaya qəbul oldum. 10 gün idi dərsə gedirdim, toyumuz oldu.

Müsabiqədə iştirak edib, öz tanışlıq hekayənizi xanimnet@gmail.com -a göndərin

loading...
Şərh yaz