Pilinqlə bağlı bunları bilmək lazımdır

loading...

Kosmetologiyanın ən populyar prosedurlarından biri pilinqdir. Pilinq – “peel” sözündən götürülüb və dərinin qabıqlanması mənasını verir. Bu qabıqlanma nəticəsində ölü hüceyrələr dəri üzərindən təmizlənir. Həkim-kosmetoloq Günay Mikayılova saytımızın oxucularına pilinq haqqında ətraflı məlumat verib.

Payızın ilk ayı ilə pilinq mövsümünün başlandığını deyən G. Mikayılovanın sözlərinə görə, pilinqdən əsasən dərinin cavanlaşması məqsədilə istifadə edilir.

Pilinqlər üç növə bölünür: mexaniki, kimyəvi və lazer.

Mexaniki pilinq müxtəlif skrablar və kosmetoloji vasitələrlə üz dərisinin təmizlənərək yenilənməsidir. Buraya mikrodermabraziya, braşinq üsulu da daxildir. Həkim-kosmetoloq qeyd edir ki, mexaniki pilinqlər zamanı reabilitasiya dövrünə ehtiyac yoxdur: “Onlardan gündəlik həyatda, ev şəraitində istifadə etmək olar. Nəticədə dəri ölmüş hüceyrələrdən təmizlənir. Əgər dəri sağlam və cavandırsa, mexaniki pilinq dəridə hüceyrələrin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, dərinin özünü bərpa etmə prosesləri zəifləyir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, rəngi boğulur və xəstə, solğun görkəm alır. Profilaktika üçün ildə bir kurs pilinq kifayət edir. Bu növ pilinq cavan dəri üçün məsləhət görülür. Bu sıradan, cavan və gənc oğlan və qızlar skrab və turşu kimi bu cür pilinqlərdən istifadə edə bilərlər”.

Mexaniki pilinq professional pilinq hesab olunmur. G.Mikayılova daha ciddi nəticələr əldə etmək üçün mexaniki pilinqlərin o qədər də effekt vermədiyini deyir. Mexaniki pilinqlərin içərisində yalnız mikrodermobraziya professional sayılır: “Bu pilinq klinika – salon şəraitində aparılır. Effekti digər pilinqlərə nisbətən azdır, amma təbii ki var. Reabilitasiya dövrü tələb olunmur. Əldə etmək istədiyimiz nəticə elə də güclü deyilsə, yəni biz ləkəni, dərin qırışları müalicə etmiriksə, mikrodermobraziyadan istifadə etmək olar. Mikrodermobraziya vasitəsilə ilə də daha dərin nəticələr əldə etmək olar. Lakin ondan dəriyə verilən ziyan xeyrindən daha çox olacaq”.

Kimyəvi pilinqlərlə dəriyə daha az ziyan vuraraq, daha az mexaniki travma ilə, lakin çox nəticə əldə etmək olar: “Kimyəvi pilinqlərin tarixi çox qədimə gedir. Bu, hazırda geniş yayılmış AHA pilinqlər, yənin alfahidroksiasitlərlə aparılan pilinqlərdir. Bunların arasında səthi, orta və dərin pilinqləri qeyd etmək lazımdır. Bu da götürülən dəri qatından asılıdır. Səthi pilinqdə epidermis ölmüş hüceyrələrdən təmizlənir. Bu zaman həftədə bir dəfə mexaniki pilinq təyin edərək, yavaş-yavaş piqmentlərin azalmasına gətirib çıxardırıq. Dərin pilinqlər isə dərinin bazal membranasına qədər aparılır. Akneləri müalicə edəndə səthi pilinqlər az effekt verir. Səpki elementlərinin qurumasına gətirib çıxarmaq olar. Eləcə də, aknelərin yerində qalan ləkə və çapıqların aradan götürülməsində istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, söhbət dərin pilinqlər, bazal membranaya qədər gedən pilinqlərdən gedirsə, burada reablitasiya dövrü bir həftə, 10 gün ola bilər”.

G. Mikayılova daha ciddi, məsələn, akne, akrofik çapıqları aradan götürmək üçün artıq kimyəvi pilinqlərin də kömək etməyəcəyini vurğuladı. Bu zamansa lazer pilinqə ehtiyac yaranır: “Lazer pilinq, yəni, lazerlə cilalanmadır. Lazer pilinqləri Er:YAG və CO2 lazeri ilə həyata keçirilir. Mən şəxsən Er:YAG lazerinə üstünlük verirəm. Er:YAG lazeri CO2 lazerinə nisbətən daha qoruyucudur, lakin kimyəvi pilinqlərə nisbətən daha dərindir. Burada reabilitasiya dövrü daha az – 10 gündür. Buna baxmayaraq, ondan sonra əldə etdiyimiz nəticə daha gözə çarpan olur. Son illər isə daha bir pilinq növü çox populyardır. Bu, “smooth” pilinqdir. Burada lazer işığı ilə dərinin derma qatına güclü istilik verilir, epidermis zədələnmədən derma yığılır, yığıldığına, üstündə qalan epidermis boşaldığına görə dəri öz epidermisini tökür. Bu da pilinq effektini verir, lakin bunun sadəcə pilinq effekti yoxdur, dərinin cavanlaşması da adlanır”.

Həkim-kosmetoloq pilinqin hər bir dəri növü və yaş dövrü üçün uyğun olan unikal prosedur olduğunu əlavə etdi. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayətdir. Pilinq ağrısızdır. Bu prosedurdan sonra dəri bir neçə gün qabıq verir və bununla ölü dəri qatından azad olaraq, dərinin cavan və daha sağlam görünüşünü müşahidə etmək olur.

Pilinqin nəticələri:

  • dərinin rəngini bərabərləşdirir
  • dərinin teksturası yaxşılaşır – dəri hamar və yumşaq olur
  • məsamələr təmizlənir və daralır
  • piqmentasiya ağarır
  • akne, səpki, qara nöqtələr müalicə edilir
  • sızanaqlardan sonra qalan ləkələr aparılır
  • dərinin liftinqi – dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir
  • dərinin artıq yağı azalır

//Aile.lent.az

loading...
SHARE
Şərh yaz