Sağlam arıqlamaq istəyənlər üçün…

loading...

Qohum olmağına, il ərzində neçə dəfə görüşməyimizə, sonuncu dəfə 2 ay bundan əvvəl görməyimə baxmayaraq tanımadım. Arıqlamışdı… Üzünün parıltısı getmiş, alnındakı, gözünün altındakı qırışlar dərinləşmiş, gözləri çuxura düşmüş, çox zəifləmişdi. Tanımadığımı görüb xəfif gülümsədi.

Elə bil üzündə gülüşü formalaşdıran mimiki əzələlər də özü kimi heydən düşmüş, halsızlaşmışdı. Salamlaşanda səsi zəifləsə belə ahəngindən, arxasınca qapıdan görünən həyat yoldaşından kim olduğunu tanıdım. Kifayət qədər təminatlı ailədən olduğundan və sağlamlığına qarşı həssas yanaşdığından, özünü arıqlatdığını anladım. Ümumi hal-əhvaldan sonra: “Bu iki ayda özümü 36 kiloqram arıqlatmışam. Özümü çox yüngül hiss edirdim, ancaq son vaxtlar sağlamlığımda problemlər hiss edirəm”, – deyə söhbətə başladı. Söhbət əsnasında məlum oldu ki, 80-90 kq arası çəkiyə malik pasient gözəl görünmək üçün 2 ay ərzində 36 kq arıqlamış və sözün əsl mənasında böyük iradə nümayiş etdirmişdi.

Belə ki, sürətli arıqlama ilə nəticələnən pəhriz reseptindən istifadə etmiş və 2 ay ərzində meyvə-tərəvəz, qatıq və sudan başqa, demək olar ki, heç bir şey yeməmişdi. Yaranmış problemi müəyyənləşdirmək üçün pasient tibbi müayinələrə cəlb olundu. Tibbi müayinələrin nəticələrindən məlum oldu ki, qaraciyər, öd kisəsi və böyrəklərdə yaranmış xəstəliklər 2 ay ərzində orqanizmin lazımi qida maddələri, vitaminlər və minerallarla təmin olunmamasının nəticəsidir…

Bəli, bu gün arıq olmaq gənclik, gözəllik sayıldığından arıqlamaq dəbə çevirilib. Halbuki, vaxt var idi, arıqlayana “Xarab olmusan”, – deyirdilər. İndi isə piylənmədən əziyyət çəkən Avropa əhalisinin arıqlamaq arzusu bizə də sirayət edib. Bu yerdə bir haşiyə çıxmaq istəyirəm, dünyanın tarazlığı doğurdan da pozulub. Dünyanın bir tərəfində piylənmədən əziyyət çəkən Avropa əhalisi, bir tərəfində günlərlə quru çörək belə tapmayan Afrika əhalisi… Hər nə isə, bu başqa yazının mövzusudur…

Keçək mətləbə – bəli piylənmə özü də xəstəlikdir və digər xəstəliklərə qapı açan əlamətdir. Həkimlər kökələn insanların arıqlamasını məsləhət görürlər. Ancaq sürətli arıqlama ilə nəticələnən pəhriz reseptlərindən istifadə etməklə yox, əksinə həkim dietoloqların təyin etdiyi pəhriz reseptlərindən istifadə etməklə və həftədə 1-2 kq-dan artıq arıqlamamaq şərti ilə. Bundan başqa, arıqlamaq istəyən şəxslərə pəhriz reseptləri təyin edildikdə həmin şəxsin cinsi, irsiyyəti, peşəsi, milli xüsusiyyətləri, orqanizminin xarakteri, vaxtilə keçirdiyi xəstəliklər, hal-hazırda olan xroniki xəstəliklər və s. nəzərə alınır. Bizim cəmiyyətdə isə media, televiziya və internetdən götürülən və daha çox cəlbedici adı ilə seçilən “Madonna”, “Larisa Dolina”, “3 günə 3 kq arıqlamaq” və s. pəhriz reseptlərindən istifadə etməklə arıqlamaq istəyirlər. Ancaq bir şeyi başa düşmürük ki, Madonnanın da, Larisa Dolinanın da pəhriz reseptləri həkim dietoloqlar tərəfindən həmin şəxslərin irsiyyəti, peşəsi, orqanizminin xarakteri, vaxtilə keçirdiyi xəstəliklər, hal-hazırda olan xroniki xəstəliklər və s. nəzərə alınaraq onlar üçün təyin edilib, bizim üçün təyin edilməyib. Bundan başqa, təqdim olunan pəhriz reseptlərinin əksəriyyətinin elmi əsası olmadığından əlavə təsiri və çatışmayan cəhəti çoxdur. Daha aydın başa düşmək üçün sürətli arıqlama ilə nəticələnən pəhriz növlərinin bir neçəsi haqqında məlumat verək.

Aşağı kalorili pəhriz: Təsir xüsusiyyəti qida rasionunda kalorini kəskin şəkildə məhdudlaşdırmaq hesabına orqanizmdəki yağ ehtiyatını əritməyə əsaslanır. Yəni, kalorili qidalardan imtina edilir və yalnız az kalorili qida məhsullarından (tərəvəz, meyvə, süd məhsulları və s.) istifadə edilir. Bu pəhrizin məşhurları kimi yapon, çin dietalarını göstərmək olar. Bütün aşağı kalorili pəhrizlər qida rasionunu kəskin şəkildə məhdudlaşdırmağı tələb edir ki, bu da arıqlamaq arzusunda olan şəxslər üçün xeyli çətinlik törədir və nəticədə, müxtəlif ağırlıqlı depressiv vəziyyətlərlə nəticələnir. Bundan başqa, yüksək iradə tələb etdiyindən pəhrizin tezliklə dayandırılması ilə nəticələnir ki, bu da ac qalan insanın birdən “qida azadlığına” çıxmasına və daha artıq kökəlməsinə səbəb olur.

Az yağlılıq pəhrizi: Təsir xüsusiyyəti qida rasionunda yağ qəbulunun məhdudlaşdırılmasına əsaslanır. Misal olaraq Mixail Ginzburq pəhrizini göstərmək olar. Bu pəhrizi saxlayanların orqanizmində həmişə doymuş yağların çatışmazlığı müşahidə olunur ki, bu da həmin şəxslərdə xroniki fiziki və zehni yorğunluq yaradır. Yorğunluq isə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Monodietalar: Tək bir qida məhsulunun qəbulu ilə xarakterizə olunur. Dəbdə olan monodietalardan – düyü, alma, kələm, qarpız, kəsmik, kartof pəhrizlərini göstərmək olar. Bu pəhriz orqanizmin lazımi qida maddələri, vitaminlər və minerallarla təmin olunmaması ilə nəticələnir ki, bu da maddələr mübadiləsinin pozulmasına və ayrı-ayrı xəstəliklərə səbəb olur.

Bundan başqa, son vaxtlar müxtəlif çaylar, dəmləmələr vasitəsilə arıqlamaq metodları var ki, bunlar həzm prosesinin pozulmasına və ishala səbəb olur. Nəticədə, qəbul olunmuş qida maddələri bağırsaq tərəfindən mənimsənilmir. İshal isə lazımi qida maddələrinin, suyun, vitaminlərin və mineralların orqanizm tərəfindən mənimsənilmədən ifraz olunmasına, orqanizmin suyunun azalmasına, insanın zəifləməsinə və nəticədə, ayrı-ayrı xəstəliklərin yaranmasına gətirib çıxarır.

Elə isə sağlamlığa zərər vermədən necə arıqlamaq olar? Birinci növbədə, tam müayinədən keçərək həkim-dietoloqlarla məsləhətləşmək lazımdır. Əgər siz praktiki sağlamsınızsa və həkim dietoloqun məsləhəti olmadan arıqlamaq istəyirsinizsə, səhər yeməyində, naharda, şamda gözünüz yeməyin arxasında qalmaq şərti ilə süfrədən qalxmalı, mütəmadi şəkildə fiziki hərəkətlərlə məşğul olmalısınız (məsələn, gün ərzində 10-15 km yerimək kimi).

“Ailəm” jurnalı

loading...
Şərh yaz