“Yumurta” mediaya təqdim olundu

loading...

Azərbaycanın ilk fantastik-absurd komediyası olan “Yumurta” filminin yaradıcı heyəti martın 18-də media nümayəndələrilə görüş keçirib.

“Nizami” kino mərkəzində keçirilən təqdimat zamanı jurnalistlərin suallarını cavablandıran filmin rejissoru Ramil Adiloğlu ekran əsərində yaş məhdudiyyəti olmamasını xüsusi qeyd edib:

“Artıq sanki tendensiya halını alıb vulqar ifadələrlə, bəzən söyüşlərlə dolu olan filmlər. Amma biz bu məsələyə xüsusi diqqət yetirdik və ssenari yazılarkən bu cür sözlərdən istifadə etmədik və filmi izləmək üçün yaş məhdudiyyəti qoymadıq”.

Filmdə həm peşəkar aktyorlar, həm də gənc aktyorların rol aldığını deyən aktyor Faiq Mirzə gənclərlə işləməyin uğurundan danışıb:

“Biz filmdə həm kino sahəsində sözünü demiş peşəkarlarla və eyni zamanda gənc aktyorlarla birgə çəkilmişik. Gənclərlə işləmək maraqlıdır. Elə məqamlar olur ki, onlar bizə, bəzən də biz onlarla ayaqlaşmağa çalışırıq. Bu baxımdan gənclərlə birgə filmə çəkilmək uğurludur”.

Ekran əsərinin çəkilişi zamanı yaşananlardan danışan proser İslam Ağa bir sıra çətinliklərlə də üzləşdiklərini bildirib:

“Çəkilişlər Şamaxı, Quba, Lerik və Bakıda aparılıb və maraqlı olduğu qədər çətin məqamlar da vardı. Məsələn, elə aktyorlar var ki, səhhətiylə əlaqədar hündür ərazidə dayana bilmir, ya da hava şəraiti çəkilişi ləngidirdi. Amma bütün bunlara baxmayaraq, uğurlu iş ortaya qoya bildik. Buna filmi izlədikdən sonra da şahid ola bilərsiniz”.

Təqdimatdan fotoları diqqətinizə çatdırırıq:

Kamil Əmirli

loading...
SHARE
Şərh yaz